Roy Kin: “Mançester Yunayted”də xaos və əsl sirk hökm sürür”

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin komandanın müdafiəçisi Lisandro Martinesin açıqlamalarını sərt tənqid edib.

Arena.az xəbər verir ki, argentinalı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Madrid “Atletiko”suna 0:2 hesabı ilə məğlubiyyətdən sonra klubun transfer siyasətindən narazılığını ifadə edib və texniki direktorun fəaliyyətini tənqidə məruz qoyub.

Roy Kin isə bu cür açıqlamaların komandanın çətin dövründə yersiz olduğunu bildirib:

“Bəzi azarkeşlər bunun yaxşı olduğunu düşünə bilər, digərləri isə futbolçunun komandanı pis vəziyyətdə qoyduğunu deyər. Xüsusilə də kollektivin çətin günlər yaşadığı bir vaxtda onun özü də yaxşı çıxış etmirsə, bu cür açıqlamalar verməsi düzgün deyil. Məncə, bu, klubdakı vəziyyəti əks etdirir: orada xaos və əsl sirk hökm sürür.

“Yunayted” indiki kimi çətin dövrdən keçəndə bəzi futbolçuların belə danışması məni təəccübləndirir. Belə açıqlamalar verməzdən əvvəl hər kəs əvvəlcə özünə kənardan baxmalıdır”.

Roy Kin soyunub-geyinmə otağında ciddi münaqişənin yaranacağını düşünmədiyini desə də, komandada ab-hava ilə bağlı sualların olduğunu vurğulayıb. Onun fikrincə, kollektivdə güclü xarakterli liderlər çatışmır.

Sabiq kapitan Martinesin liderlik keyfiyyətlərinə də şübhə ilə yanaşıb: “Mən onu “Mançester Yunayted”in liderlərindən biri kimi qəbul etmirəm. Mən onun çoxsaylı səhvlərə yol verən mərkəz müdafiəçisi olduğunu görürəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: