“Qəbələ”dən ayrılaraq “Zirə” ilə müqavilə bağlayan braziliyalı müdafiəçi Ruan Renato paytaxt klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında bu sözləri qeyd edib: “Karyeramda yeni dövr başlayır. Özümü çox xoşbəxt hiss edirəm və bu böyük klubu təmsil etmək üçün motivasiyalıyam. Fədakarlığımın, işimin və mübarizəmin heç vaxt əskik olmayacağına söz verirəm. Birlikdə bu mövsüm hədəflərimizə çata bilərik. İrəli, “Zirə”!
Xatırladaq ki, Ruan Renato iki gün öncə “Zirə” ilə 2 illik müqavilə imzalayıb. “Qəbələ” ilə müqaviləsinin müddəti bitmiş futbolçu yeni klubuna azad agent kimi keçib.
Ruan Renato “Qəbələ”yə 2021-ci ilin avqustunda azad agent kimi gəlmişdi. Müdafiəçi bu komandada 72 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
Braziliyalı oyunçu daha öncə “Ponte Preta”, “Fiqeyrense”, “Yuventude”, “Austriya” (Vyana), “Vitoriya” və “Botafoqo” kimi klubların da uğurları üçün çalışıb.


