Ruben Amorim Antoninin gələcəyi ilə bağlı sualı cavabladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın braziliyalı hücumçusu Antoninin gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az xatırladır ki, Antoni cari mövsümün sonuna qədər müddətə “Betis”ə icarəyə verilib.

“Antoni qayıdacaqmı? Mən gələcəyə dair plan qururam, amma bu haqda məhz indi danışmaq istəmirəm. Mən sadəcə olaraq, qarşıdakı oyunlara diqqət cəmləmək istəyirəm”, – deyə Ruben Amorim bildirib.

Vurğulayaq ki, “Betis”ə keçidi ilə Antoni oyun keyfiyyətini yüksəldib, qol ayağını açıb. Braziliya hücumçu tədricən əvvəlki səviyyəsinə qayıtmaq üzrədir.

Antoni “San Paulo”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqust ayında “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçib. Antoninin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Antoni cari mövsümün birinci yarısında “Mançester Yunayted”in heyətində 14 oyuna çıxıb, 1 qol vurub.

Antoninin İngiltərə nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 96 oyun, 12 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

“Betis”in heyətində isə brazilyalı hücumçu 12 oyuna 4 qol və 4 məhsudlar öyürmə ilə fərqlənib.

Antoni “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.

Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.