Ruben Amorim gələcəyi ilə bağlı danışdı: “Burada xoşbəxtəm”

Adı “Liverpul”, “Çelsi” və “Barselona” ilə birgə hallanan, Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim gələcəyi haqqında danışıb.

Arena.az portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən indi bütün diqqətimi “Sportinq”ə cəmləmişəm və bu komandanın məşqçisi olmaqdan çox qürur duyuram. Bütün diqqətimizi qənimətlərə yönəltmişik. Sonda hər şeyi görəcəksiniz, amma hələlik müqaviləm var və burada xoşbəxtəm. Bu, ən vacibdir. Burada xoşbəxt olmağım müqavilədən daha önəmlidir”, deyə Amorim vurğulayıb.

Bu mövsüm “Atalanta”ya uduzaraq Avropa Liqası ilə vidalaşan “Sportinq” növbəti dəfə Portuqaliya çempionu olmağa yaxındır. Komanda mövsümün sonuna 7 tur qalmış 26 oyuna topladığı 68 xalla vahid liderdir. Lissabon təmsilçisinin ehtiyatda təxirə salınmış bir oyunu da var. “Sportinq”i əzəli rəqibi, 67 xala malik “Benfika” izləyir.

Ruben Amorimin komandası Portuqaliya Kubokunun yarımfinal mərhələsinin ikinci oyununda da “Benfika” ilə qarşılaşacaq. “Sportinq” ilk görüşdə 2:1 hesabı ilə qalib gələrək üstünlük əldə edib.

Xatırladaq ki, Ruben Amorim 2020-ci ilin martından “Sportinq”ə başçılıq edir. Onun rəhbərliyi altında bu komanda Portuqaliya Çempionatının (2020/2021), iki Portuqaliya Kubokunun (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunun (2021/2022) qalibi olub.

Amorim məşqçilik karyerasına 2018/2019 mövsümündə “Kaza Pia”da başlayıb. 30 yaşlı portuqal mütəxəssis “Sportinq”dən öncə “Braqa”nın əsas və əvəzedici komandasını da çalışdırıb.

Qeyd edək ki, Amorimin bu mövsümün sonunda Yurgen Klopla yollarını ayıracaq “Liverpul”u, Xavi ilə vidalaşacaq “Barselona”nı, hətta Maurisio Poçettinou istefaya göndərmək istəyən “Çelsi”ni çalışdıracağına dair xəbərlər yayılmaqdadır.

Bahar Rüstəmzadə