Ruben Amorim: “İndi hər şey daha mürəkkəbdir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın “Bornmut”la 17-ci tur ev oyununda 0:3 hesablı məğlubiyyəti şərh edib.

Arena.az ESPN şəbəkəsinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim məsuliyyətim – komandanı çalışdırmaqdır. Əlbəttə, biz təkmilləşmək istəyirik. İndi hər şey daha mürəkkəbdir. “Mançester Yunayted” kimi bir klub üçün evdə 0:3 hesabı ilə məğlub olmaq – hamıya həqiqətən çətindir. Və əlbəttə ki, azarkeşlər çox məyusdurlar və məğlubiyyətlərdən yorulub-usanıblar”, deyə Ruben Amorim bildirib.

“Mançester Yunayted”in argentinalı müdafiəçisi Lisandro Martines də “Bornmut”a ev məğlubiyyətini şərh edib:

“Biz çox məyusuq. Düşünürəm ki, biz çox yaxşı oynayırıq, çoxlu fürsətlər yaradırıq, amma təəssüf ki, qol vura bilmirik. Biz hər şeyi dəyişmək üçün buradayıq. Mən heyətə və komandamıza çox inanıram ki, dediyim kimi, biz vəziyyəti dəyişəcəyik”, deyə Martines vurğulayıb.

17 oyundan 22 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Bornmut” isə 28 xalla 5-ci yerdədir.

İngiltərə Premyer Liqasına 16 oyundan 39 xalla “Liverpul” başçılıq edir.