Ruben Amorim MY azarkeşlərinə xahiş ünvanladı

“Mançester Yunayted”in baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorim “qırmızı şeytanlar”ın azarkeşlərinə xahiş ünvanlayıb.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, portuqal mütəxəssis “Mançester Yunayted” azarkeşlərindən onun adını tribunalardan səsləndirməmələrini istəyib:

“Mənim bundan xoşum gəlmir. Özümü yöndəmsiz hiss etdiyimi söyləməyəcəyəm, amma mən məşqçi olduğum üçün azarkeşlər də futbolçuların adlarını səsləndirməli, klub haqqında mahnılar oxumalıdırlar. Azarkeşlərlə əlaqə duyuram və çox məmnunam, amma onlar oyunçuların adlarını tərənnüm etməlidirlər”, deyə Amorim mövqeyini izah edib.

Noyabrın 11-də Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasında rəsmən fəaliyyətinə başlayıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. İngiltərə nəhəngi portuqal mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Ruben Amorimin “Mançester Yunayted”in sükanı arxasında 3 oyuna çıxıb, 2 qələbə, 1 heçə-heçə yaşıb. Topların fərqi isə 8:3 nisbətindədir.

13 turdan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 19 xalla 9-cu pillədə qərarlaşıb.