Ruben Amorim: “MY şərt qoydu: “Ya indi, ya da heç vaxt”

“Mançester Yunayted”ə yeni təyin edilmiş baş məşqçi Ruben Amorim İngiltərə nəhəngi ilə müqavilə imzalamasının təfərrüatını açıqlayıb.

Arena.az “Record” nəşrinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən çoxunu danışa bilmərəm. Bu, insanların hiss etməli olduqlarını hiss etdikləri mərhələdir. Mən vəziyyəti izah etmək istədim. Mövsümün əvvəlində, prezidentimiz də təsdiqləmək üçün oradadır, mən onunla və Uqu Viana ilə söhbət etdim və dedim ki, nə olursa olsun, bu, mənim “Sportinq”dəki son mövsümüm olacaq.

Mövsüm başladı və biz çox yaxşı oyunlar keçirməyə başladıq. “Mançester Yunayted” gəldi, təzminat haqqını ödədi, sonra mənimlə danışıqlara başladı. Xahiş etdiyim yeganə məqam bu danışıqları mövsümün sonunda aparıb, işimin başa çatdırılmasına icazə veilməsi idi. Onlar mənə dedilər ki, bu, qeyri-mümkündür, bu, yalnız indi mümkündür, ya da heç vaxt. Əks halda, başqa iş seçimi axtarmalı olacağam. Həyatımı kökündən və tamamilə dəyişəcək bir qərar vermək üçün üç günüm vardı. Üç gündən sonra başqa kluba keçmək barədə qərar verməli oldum.

Getmək mənim üçün çətindir. Bu komanda mənim üçün hər hansı idman azarkeşi üçün olduğundan, daha artığı deməkdir. Heç bir qarma-qarışıqlıq yox idi. Biz hər kəsin maraqlarını qorumalıyıq. Əvvəllər heç nə deməmişdim, çünki bacarmırdım. Qərar belədir. Klub başa düşdü ki, əgər imtina etsəm, altı aydan sonra müvafiq seçimim olmayacaq. Mən də bilirdim ki, altı aydan sonra “Sportinq”də olmayacağam.

Qərar verməli olduğum an gəldi və mən bunu etdim. İndi mən evə daha çox dincəlmiş surətdə yollanıram. Klub üçün onların mənə xərclədiyindən üç dəfə çox qazanmışam. Mən “Sportinq” üçün hər şeyimi vermişəm”, deyə Amorim vurğulayıb.

“Sizi pərişan etməyəcəyəm”

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Mançester Yunayted”in, Ruben Amorimin “Sportinq”lə müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün, Lissabon klubuna 15 milyon avro məbləğində təzminat haqqı ödəyəcəyi ilə bağlı məlumat yayılıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasına işinə noyabrın 11-də başlayacaq.

Əlavə edək ki, Amorim “Mançester Yunayted” azarkeşlərinə də səslənib:

“Dəstəyinizə görə çox sağ olun. Sizi pərişan etməyəcəyəm”, deyə portuqal mütəxəssis bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: