“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim bildirib ki, “qırmızı şeytanlar”ın ciddi təlatümə ehtiyacı var.
Arena.az məlumat verir ki, portuqal mütəxəssis bəhanələr axtarmadığını, azarkeşlərin yaranmış vəziyyətdən təngə gəldiyini etiraf edib, həmçinin “qırmızı şeytanlar”ın yaşamaq uğrunda mübarizə apara biləcəklərini təxmin edərək, uğursuzluq yaşayacağı halda “Mançester Yunayted”in sükanını təhvil verə biləcəyəini də istisna etməyib:
“Mən bura, mətbuat konfransına gəlib bəhanə gətirmək istəmirəm… Düşünürəm ki, insanlar bu klubda bəhanə gətirməkdən təngə gəliblər. “Mançester Yunayted”in, klubumuzun ciddi təlatümə ehtiyacı var… və biz bunu başa düşməliyik”, – nüfuzlu italyan jurnalsit-insayder Fabritsio Romano Ruben Amorimdən sitat gətirir.
Yaşamaq uğrunda mübarizə aparan “Mançester Yunayted”…
“Bu mövsüm, yaşamaq uğrunda mübarizəmizlə əlamətdar ola bilərmi? Düşünürəm ki, bu, mümkündür, biz isə azarkeşlərimizlə dürüst olmalıyıq. Nəyisə dəyişmək gərəkdir, amma cari mövsüm hamı üçün çox çətin olacaq. Bu, bizi daha güclü edə bilər və biz mübarizə aparmalıyıq”, – BBC Amorimdən sitat gətirir.
Bacarmasam, gedəcəyəm…
Ruben Amorim ardıcıl məğlubiyyətlər mənzərəsində “qırmızı şeytanlar”ın sükanı arxasından ayrılacağı ilə bağlı sualı cavablayıb:
“Əgər mən bunun komanda üçün yaxşı olduğunu hiss etsəm, gedəcəyəm. Fikrinizə sadiq qalmaq gərəkdir. Bunu sona qədər edəcəyəm.
Fikrimdə heç bir dəyişiklik yoxdur. Yalnız konkret oyunlar üçün taktiki dəyişikliklər var”, – portuqal mütəxəssis İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Nyukasl” 0:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında bildirib.
19 oyundan 22 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.