Ruben Amorim: “Sportinq”də qalacağıma zəmanət verə bilmərəm”

Lissabon “Sportinq”inin baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorim gələcək karyerası ilə bağlı açıqlama verib.

Arena.az xatırladır ki, mətbuatda, Ruben Amorimin xidmətində “Liverpul” və “Barselona”nın maraqlı olduğu haqda məlumat var:

“Xeyr, “Sportinq”də qalacağıma zəmanət verə bilmərəm. Sözümü vermişəm və bunu geri götürə bilmərəm. Əgər qazanmasaq, “Sportinq”i tərk edəcəyəm. Əvvəldən bəlli idi ki, futbolçuların qarşısına qoyduğum məqsəd budur. Biz qənimətlər qazanmalıyıq”, – “Evening Standard” nəşri portuqal mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Ruben Amorimin “Sportinq”i 2020-ci ilin mart ayından çalışdırır. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Daha əvvəl məlumat yayılmışdı ki, əgər xarici klub 39 yaşlı mütəxəssisi 2024-cü ilin yayında işə dəvət etmək istəsə, təzminat haqqı olaraq “Sportinq”ə 20 milyon avro məbləğində ödəniş etməli olacaq.

Hazırda Ruben Amorimin “Sportinq”i 27 oyundan 71 xalla Portuqaliya Premyer Liqasının yarış cədvəlinin lideridir və çempionluğa iddialıdır.