Ruben Dias bir aya yaxın “Mançester Siti”yə kömək edə bilməyəcək

İngiltərənin “Mançester Siti” klubunun mərkəz müdafiəçisi Ruben Dias dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib.

İspan mütəxəssis əzələsindən zədələnmiş 27 yaşlı futbolçunun dörd həftəyə qədər futbol oynamayacağını söyləyib.

Əvəzində komandanın digər zədəli futbolçusu Manuel Akanji “Mançester Siti”nin əsas heyətində məşqləri bərpa edib. Bu barədə “şəhərlilər”in çalışdırıcısı Xosep Qvardiola danışıb:

“Akanji məşqə qayıtdı. Bu, bizim üçün əla xəbərdir. Onun qarşıdakı matçda oynamağa hazır olub-olmayacağını hələ bilmirəm. Dünən onun yalnız ilk tam məşqi idi”.

Xatırladaq ki, Akanji Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə oyunda zədələnmişdi.

“Mançester Siti”nin növbəti oyunu İngiltərə çempionatının 17-ci turunda “Aston Villa” ilə olacaq.

Ruben Dias 2020-ci ilin sentyabr ayından “Mançester Siti”də çıxış edir. 27 yaşlı futbolçu “şəhərlilər”in heyətində cari mövsümdə 19 oyuna çıxıb, məhsuldarlıq nümayiş etdirə bilməyib. Onun “Mançester Siti”nin heyətindəki çıxışı rəqəmlərin gözü ilə belədir: 197 oyun, 4 qol, 5 assist. Müdafiəçinin “şəhərlilər”lə müddəti 2027-ci ilin yayına qədər olan sözləşməsi var.

Portuqaliyanın “Benfika” klubunun yetirməsi olan futbolçu, ölkəsinin milli komandasında da forma geyinir. O, Portuqaliya yığmasında meydana çıxdığı 64 matçda 3 qol da vurub. Dias “Benfika” və “Mançester Siti” ilə çoxsaylı titullara sahib çıxıb, Portuqaliya yığması ilə də UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin FIFA tərəfindən 2024-cü ilin rəmzi komandasına daxil edilib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın