“Mançester Siti”nin portuqal mərkəz müdafiəçisi Ruben Dias “şəhərlilər”in uğursuz çıxışı mənzərəsində azarkeşlərə müraciət ünvanlayıb.
Arena.az məlumat verir ki, portuqal futbolçu “Mançester Siti” azarkeşlərinə özünün sosial şəbəkə hesabı üzərindən səslənib:
“Mən azarkeşlərimizə müraciət edirəm – kənar səs-küyə hər zamankindən daha çox məhəl qoymayın. Oyunçularınızı qoruyun. Futbolda hər zaman fərqli fikirlər olacaq, amma həmişə öz fikrini müdafiə etmək gərəkdir. Lazım gələrsə, biz bütün dünyaya qarşı çıxmağa qadirik, biz vahid komanda, vahid klub, vahid layihə və vahid arzu uğrunda mübarizə aparırıq. Nə qədər ki, biz birlikdəyik, həmişə bir yol tapacağıq, çünki sonda hər şey həmişə dəyişir, nur həmişə qalib gəlir”, – Dias dərc edib.
Xatırladaq ki, ispan mütəxəssis Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti” son 7 oyunun 6-da məğlub olub, Çempionlar Liqasında “Feyenoord”la ev oyununda isə 3:0 öndə olduğu üstünlüyü əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışıb. “Şəhərlilər” “Pep”in rəhbərliyi altında ən bərbad dövrü yaşayırlar.
Premyer Liqanın 13 turundan sonra 23 xal toplamış “Mançester Siti” yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Ruben Dias 2020-ci ilin sentyabrından “Mançester Siti”də çıxış edir. 27 yaşlı futbolçu “şəhərlilər”in heyətində cari mövsümdə 15 oyuna çıxıb, məhsuldarlıq nümayiş etdirə bilməyib. Onun “Mançester Siti”nin heyətindəki çıxışı rəqəmlərin gözü ilə belədir: 193 oyun, 4 qol, 5 assist. Müdafiəçinin “şəhərlilər”lə müddəti 2027-ci ilin yayına qədər olan sözləşməsi var.
Portuqaliyanın “Benfika” klubunun yetirməsi olan futbolçu, ölkəsinin milli komandasında da forma geyinir. O, Portuqaliya yığmasında meydana çıxdığı 64 matçda 3 qol da vurub. Dias “Benfika” və “Mançester Siti” ilə çoxsaylı titullara sahib çıxıb, Portuqaliya yığması ilə də UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


