“Çelsi” və “Milan” klubları “zadəganlar”ın yarımmüdafiəçi Ruben Loftus-Çikin transferi ilə bağlı razılığa gəliblər.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, sövdələşmə “Milan”a 16 milyon avroya başa gələcək. “Rossoneri” müdafiəçinin çıxışından asılı olaraq, daha 4 milyon avro məbləğində bonus ödəyə bilər. 27 yaşlı yarımmüdafiəçinin özü də Milana keçməkdə maraqlıdır və müqavilənin şəxsi şərtlərindən razıdır.
2022/2023 mövsümündə Loftus-Çik “Çelsi”nin heyətində 33 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
Loftus-Çikin “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Ruben Loftus-Çiki 25 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl də Ruben Loftus-Çikin “Milan”a keçmək istəyi barədə məlumat yayılmışdı.