İngiltərənin “Mançester Yunayted” komandasının müvəqqəti çalışdırıcısı Rud van Nistelroy Premyer Liqa təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa nəhəngi holland mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, niderlandlı mütəxəssis buna qədər, həmvətəni, “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Erik ten Haqın rəhbərlik etdiyi məşqçilər qərargahında baş köməkçi idi. O, cari mövsümün əvvəlində bu kluba cəlb olunmuşdu. Ten Haq qovulduqdan sonra Nistelroy müvəqqəti baş məşqçi təyin olunmuşdu. O, qısa müddət ərzində İngiltərə nəhəngini 4 oyuna çıxarıb. Komanda bu görüşlərdə 3 qələbə qazanıb, 1 heç-heçə edib.
Rud van Nistelroyun çalışdırdığı kollektiv ilk oyununda İngiltərə Liqa Kubokunun 1/8 finalında “Lester Siti”ni qəbul edib və “tülkülər” üzərində 5:2 hesablı qələbə qazanıb. İkinci oyunda isə “qırmızı şeytanlar” Premyer Liqanın 10-cu turu çərçivəsində “Old Trafford”da “Çelsi” ilə sülhə razılaşıblar – 1:1. Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK komandasını 2:0 hesabıyla məğlub etmiş MY, son olaraq “Lester Siti” ilə Premyer Liqa matçında 3:0 hesablı qələbəyə sevinib.
Rud van Nistelroy bu gün – noyabrın 11-də “qırmızı şeytanlar”ın “yükünü” komandanın yeni baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorimə təhvil verib. Niderlandlı mütəxəssisin komandada qalacağı gözlənilsə də, o, klub rəhbərliyinin bu təklifini qəbul etməyib və “qırmızı şeytanlar”la vidalaşıb.
Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb.


