Rud van Nistelroy PSV ilə yollarını ayırdı

İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi Rud van Nistelroy PSV komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, mütəxəssis Niderland kubokunu və mövsümün əvvəlində yerli Super Kuboku qazanmasına baxmaraq, istefa haqda qərarında tərəddüdsüz olub.

Holland mütəxəssisin istefasının pərdəarxası məqamlara dayandığı iddia edilir. Nəticədə pərişan olmuş Van Nistelrooy getmək qərarını verib.

“Bold” dərgisinə görə PSV-nin bəzi oyunçuları Van Nistelroyun idarə üslubundan narazı olduqlarını dilə gətiriblər. Həmçinin mütəxəssisin klubun transfer siyasətindən narazı olduğu deyilir. Yanvar ayında komandanı iki aparıcı futbolçusu tərk edən zaman Van Nistelroy bu xüsusda pərişan olduğunu gizlətməmişdi. O zaman Kodi Qakpo “Liverpul”a, Noni Maduke isə “Çelsi”yə yollanmış və Van Nistelroyun komandası hücum potensialını itirmişdi.

Hazırda PSV-yə rəhbərliyi Fred Rutten öz üzərinə götürüb. Komandanın yeni baş məşqçisinin kim olacağı isə dəqiq bilinmir.

Xatırladaq ki, PSV Niderland Erediviziyasında sona bir tur qalmış 72 xalla ikinci pillədə qərarlaşıb. 82 xala malik “Feyenoord” artıq çempionluğu təmin edib. “Ayaks” isə 69 xalla üçüncüdür.

Rud van Nistelroy 2022-ci ilin iyul ayından rəhbərlik etdiyi PSV-ni 50 oyuna çıxarıb. Komanda bu görüşlərdə 34 qələbə qazanıb, 8 heç-heçə və 8 məğlubiyyət görüb. O, daha öncə Eyndhoven təmsilçisinin U-18 və U-21 komandalarına da rəhbərlik edib. 46 yaşlı mütəxəssis məşqçilik karyerasının ilk illərində isə Niderland millisində köməkçi məşqçi kimi çalışıb.