Rudi Föller: “Flik özünü tükətdi, amma uğursuzluğu çözə bilmədik”

Almaniya yığmasının idman direktoru Rudi Föller Hans-Diter Flikin “bundestim”in baş məşqçisi vəzifəsindən istefasına münasibətini bildirib.

Arena.az Almaniya Futbol İttifaqının (DFB) mətbuat xidmətinə istinadən, Föllerin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hansi Flik son bir neçə ayda özünü tükətdi. Yaxşılığa doğru dəyişmək üçün köməkçiləri ilə birlikdə Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluğun nəticələrini aradan qaldırmaq üçün əlindən gələni etdi. Təəssüflər olsun ki, bu gün biz buna nail olmadığımızı təsdiqləməliyik. Yaponiyandan alınmış məğlubiyyət bu vəziyyətdə irəliləyişə nail ola bilməyəcəyimizi açıq şəkildə göstərdi.

Bu, mənim üçün asan məqam deyil, çünki fevral ayında Almaniya Futbol İttifaqına Flikə hər cür dəstək olmaq və idman uğurlarına nail olmaqda kömək etmək üçün gəlmişəm. Və mən qəti şəkildə inanırdım ki, milli komandanın məşqçisi kimi o, komandanın oyununu düzgün istiqamətə yönəldə bilər. Amma indi biz məsuliyyətlə hərəkət etməliyik, nəyisə dəyişməliyik ki, Avropa çempionatının ev sahibi rolunu lazımi iddialarla yerinə yetirə bilək.

Almaniyadakı azarkeşlərin bizdən haqlı olaraq gözlədiyi budur. Buna görə də mən müvəqqəti olaraq Fransa yığması ilə oyunda milli komandaya rəhbərlik edəcəyəm. Təcili tapşırıq, komandamızı tez bir zamanda yenidən quracaq və gələn il keçiriləcək böyük turnirə hazırlayacaq məşqçi tapmaq olacaq. O turnirə ki, bütün alman futbolu üçün müsbət təkan alınacağına biz hamımız ümid edirik. Uzunmüddətli perspektivdə “bundestim”i hamımızın öyrəşdiyi səviyyəyə qaytaracaq belə bir məşqçi tapmaq istəyirik”, deyə Föller əsas məqsədini açıqlayıb.

Föller yenidən yığmada

Xatırladaq ki, sentyabrın 9-da “bundestim” Yaponiya yığması ilə yoldaşlıq oyununda böyükhesablı biabırçı məğlubiyyətlə üzləşib – 1:4. Flikin rəhbərliyi altında Almaniya yığması son 17 oyunda cəmi 4 qələbə qazana bilib, Qətərdə keçirilmiş Dünya Kubokunda isə qrup mərhələsini adlaya bilməyib. Həmin dünya çempionatında da Almaniya yığması yaponlara 1:2 hesabı ilə məğlub olmuşdu.

Uğursuzluqları müqabilində Almaniya Futbol İttifaqı Hans-Diter Fliki istefaya göndərib və “bundestim”i çalışdırmağı müvəqqəti olaraq komandanın idman direktoru Rudi Föllerə etibar edib.

Föller sentyabrın 12-də Almaniya yığmasını AÇ-2024-ə hazırlıq çərçivəsində növbəti oyununa – Fransa yığmasına qarşı sınağa çıxaracaq.

Vurğulayaq ki, Rudi Föller bu işdə təcrübə sahibidir. Belə ki, o, “bundestim”i 2000-2004-cü illərdə çalışdırıb. Föllerin uğurlu rəhbərliyi altında Almaniya yığması 2002-ci il dünya çempionatında gümüş medal qazanıb. O zaman Skolarinin çalışdırdığı fantastik Braziliya millisi “alman maşını”nı finalda dayandırmışdı – 2:0.