Almaniya yığmasının və “Real”ın mərkəz müdafiəçisi Antonio Rüdigerin bundestimdən ayrılacağı haqda şayiələr dolaşır.
Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Rüdiger dini xüsus daşıyan şəkli ilə bağlı çoxlu tənqidlərə məruz qaldıqdan sonra Almaniya yığmasını tərk etməyi ciddi şəkildə düşünür.
Xatırladaq ki, daha əvvəl alman jurnalist Yulian Rayxelt Antonio Rüdigerin paylaşdığı şəklə münasibət bildirib və futbolçunun qadağan olunmuş təşkilatla bağlı işarə göstərdiyini əlavə edib.
Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 106 oyun, 4 qol, 3 məhsuldar ötürmə.
Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 74 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsəində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.