Mövsüm bitən kimi “Sumqayıt”dan ayrılan Rüfət Abdullazadə yeni mövsümdən karyerasını “Səbail”də davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalandığı açıqlanıb. “Sumqayıt”dan azad agent kimi ayrılan futbolçunun transferi üçün əlavə ödənişə ehtiyac duyulmayıb.
Xatırladaq ki, Rüfət Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. “Sumqayıt”da bütövlükdə 76 oyun keçirmiş sağ cinah vingeri 1 qol və 6 məhsuldar ötürmə müəllifi də olub.
“Səbail” Rüfətdən öncə “Sumqayıt”dan ayrılan Süleyman Əhmədovu da heyətinə qatdığını açıqlamışdı. “Dənizçilər” “Kəpəz”in sabiq müdafiəçisi Yusif Nəbiyevi də transfer edib. Müdafiəçi Vüqar Həsənovla isə yeni müqavilə imzalanıb. Əvəzində Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov və Nihad Qurbanov ilə yollar ayrılıb.