Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 4-cü turu çərçivəsində “Riyeka” ilə qarşılaşıb.
“Varajdin” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Azərbaycanlı vinger bu görüşün 68-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb. Komandası Rüfətin meydana çıxmasından cəmi 2 dəqiqə sonra qələbə qolunu vurub.
Yeni mövsümdə ilk qələbəsini qazanmış “Varajdin” 4 turdan sonra 5 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 2 rəsmi oyun keçirib, fərqlənə bilməyib.
Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.



