Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 16-cı turundan təxirə salınmış oyunda çərçivəsində “Xemie Leypsiq”lə qarşılaşıb.
“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı inamlı qələbə ilə tərk edib – 2:0.
Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 13 qola imza atmış azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.
20 turdan sonra 38 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha iki oyunu var.
Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 17 oyuna 13 qol vurub, 3 məhsuldar ötürmə edib.
Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.


