Rüfət Dadaşov “Borussiya”ya da qol vurdu

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 34-cü turu çərçivəsində baş tutan Mönhenqladbax “Borussiya”sının ikinci komandası ilə matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası 10 qolun qeydə alındığı bu oyundan heç-heçə ilə ayrılıb – 5:5.

Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ikinci qolunu məhz azərbaycanlı hücumçu vurub. 23-cü dəqiqədə penaltidən dəqiq yararlanan futbolçu cari mövsümdə vurduğu qolların sayını 13-ə çatdırıb.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 49 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.