Rüfət Dadaşov cari mövsümdə 10-cu qolunu vurdu – Video

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 10-cu turu çərçivəsində “Lukkenvalde” ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 4:0.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu məhz Dadaşov vurub. 32 yaşlı hücumçu 45+2-ci dəqiqədə fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 10-a çatdırıb.

10 turdan sonra 21 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə hücumçu 10 oyuna 10 qol vurub, 2 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.