Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 21-ci turu çərçivəsində baş tutan “Rodinqhauzen”lə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda darmadağına sevinib – 4:1.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının iki qolunu da azərbaycanlı hücumçu vurub. O, 20-ci dəqiqədə hesabı 2:0 edibsə, bundan 4 dəqiqə sonra penaltidən vurduğu qolla dublunu rəsmiləşdirib. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 9-a çatdırıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 33 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.