Rüfət Dadaşov oynadı, “Dinamo” liderlə bacarmadı – Video

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 23-cü turu çərçivəsində lider “Qraysvalder”lə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası bu rəqiblə görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

Rüfət bu oyuna start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 14 qol vurmuş azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

23 turdan sonra 43 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış iki oyunu da var.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 20 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.