Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın “Dinamo” (Berlin) komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Almaniyanın Şimal-Şərq Regional Liqasının 25-ci turu çərçivəsində Leypsiq “Lokomotiv”i ilə qarşılaşıb.
“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 4:0.
Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 14 qola imza atmış azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Buna onun səhhətində problem yaranması səbəb olub. Hərarəti olan futbolçunun növbəti turda iştirakı da sual altındadır.
25 turdan sonra 50 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 22 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.
Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.