Rüfət Dadaşov üçün mövsüm erkən başa çatdı

Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşov üçün 2023/2024 mövsümü erkən başa çatıb.

Arena.az xəbər verir ki, Berlin təmsilçisi “Dinamo”nun formasını geyinən 32 yaşlı futbolçu cari mövsümün qalan heç bir oyununda iştirak edə bilməyəcək.

Aprelin əvvəlində komandasının məşqində zədələnərək sıradan çıxan təcrübəli forvardın təxminən 4-6 həftə kollektivdən uzaq qalacağı və son turlarda komandasına kömək edəcəyi güman olunurdu. Lakin son müayinənin ardından onun mövsümün sonuna qədər oynaya bilməyəcəyi müəyyənləşib. Sağalma prosesi zəif getdiyindən, Dadaşovun ən yaxşı halda yay təlim-məşq toplanışında kollektivə qoşulacağı bildirilib.

Xatırladaq ki, məşq zamanı komanda yoldaşı ilə toqquşan azərbaycanlı hücumçu dizindən ciddi zədə almışdı. Bu üzdən onun hətta 6 aya yaxın futbol oynaya bilməyəcəyi ehtimal olunurdu. Lakin MRT-dən sonra futbolçunun durumunun o qədər də qorxulu olmadığı müəyyənləşmişdi.

Dadaşovun formasını geyindiyi “Dinamo” komandası Almaniya Regional Liqasında mübarizə aparır. Futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasında 29 turdan sonra 56 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Berlin təmsilçisi liderdən cəmi 2 xal geri qalır.

Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 25 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib. Dadaşov hazırda “Dinamo”nun ən məhsuldar futbolçusudur.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.