Rüfət Dadaşov xəstəlikdən sağaldı

Azərbaycan millisinin sabiq hücumçusu, hazırda Almaniyanın “Dinamo” (Berlin) klubunda çıxış edən Rüfət Dadaşov xəstəlikdən sağalıb.

Arena.az xəbər verir ki, bu barədə “berliner-kurier.de” saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Dinamo”nun hücumçusu artıq kollektivə qoşulub. Bunu baş məşqçi Dirk Kunert açıqlayıb. O bildirib ki, cari mövsüm 14 qolla komandanın ən məhsuldar oyunçusu olan Dadaşov Regionalliqanın 26-cı turunda “Çemnitzer”lə keçiriləcək oyunda meydanda olacaq:

“Dadaşov səhhətindəki problemə görə ötən turdakı matçımızı buraxmışdı. Ancaq indi bizimlə birlikdədir və növbəti görüşə hazırdır”.

Qeyd edək ki, Almaniyanın Şimal-Şərq Regional Liqasının 26-cı turu çərçivəsində keçiriləcək “Dinamo” – “Çemnitzer” oyunu bu gün baş tutacaq. Oyuna saat 16:00-da start veriləcək.

25 turdan sonra 50 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. Liderdən cəmi 2 xal geri qalan Berlin təmsilçisi keçirdiyi 24 oyunda 14 qələbə qazanıb, 8 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 22 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.