Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşov bu mövsümün sonunda Almaniyanın “Şalke” klubundan ayrılacaq. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu yeni mövsümdən Berlin “Dinamo”sunun uğurları üçün çalışacaq.
Bu barədə Şimal-Şərq Regional Liqasında çıxış edən Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli forvardın sabiq klubu ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, Rüfət Dadaşov 2021-ci ilin avqust ayından “Şalke”nin əvəzedici komandasının uğurları üçün çalışır. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 27 oyunda 12 qola imza atıb. Hücumçunun “Şalke”nin ikinci komandasındakı karyerası 46 oyun, 22 qol və 6 məhsuldar ötürmədən ibarətdir. Azərbaycanlı futbolçu “Şalke”nin əsas komandasında da 2 oyuna çıxıb.
Dadaşov 2017/2018 mövsümündə isə “Dinamo”nun uğurları üçün çalışıb. O, Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Rüfət karyerası ərzində “Qonsenhaym”, “Kayzerslautern II”, “Çvaybrükgen”, “Saarbrükgen”, “Germaniya Halberştadt”, “Moyselvits”, “Proyssen Münster”, “Feniks Rayzinq” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasında da 24 oyuna 5 qol vurub.