Türkiyənin “Hatayspor” klubu heyətini iki yeni futbolçu – hücumçular Rui Pedro və Halil Dervişoğlu ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Pedro Sloveniyanın “Olimpiya” (Lyublyana) klubundan transfer olunub. Portuqaliyadan olan 25 yaşlı mərkəz forvardı ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Rui Pedro “Portu”nun yetirməsidir. O, karyerası ərzində “Boavişta”, “Varzim”, “Qranada” (B), “Leyşoyş”, “Penafiel” kimi klublarda da forma geyinib. 2022-ci ildən “Olimpiya”da forma geyinən hücumçu Lyublyana təmsilçisinin heyətində meydana çıxdığı 64 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə verib. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Rui, əsas millidə debüt şansı qazanmayıb.

Halil Dervişoğlu isə “Qalatasaray”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. 24 yaşlı futbolçunun müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Niderlandda dünyaya göz açmış Halil, Rotterdam “Sparta”sının yetirməsidir. O, “Brentford”, “Tvente”, “Börnli” kimi klublarda da forma geyinib. “Qalatasaray”da 65 oyuna 12 qol vurub, 4 məhsuldar ötürmə etmiş forvard 2021-ci ildə debüt etdiyi Türkiyə millisinin heətində də 16 oyuna çıxıb, 6 qol vurub.

Qeyd edək ki, “Hatayspor”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da forma geyinir. Müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan azərbaycanlı forvard da bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Hatay klubunun qışda birdən-birə iki mərkəz hücumçusu gətirməsi Renatın bu komandada ümidləri doğrulda bilməməsindən xəbər verir. Belə ki, o, “Hatayspor”ın heyətində meydana çıxdığı 21 oyunda cəmi 4 qol vurub. Renatın “Qrasshopper”lə müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir.
Yeri gəlmişkən, “Hatayspor” sağ cinah vingeri İbrahim Dəmiri də “Yeni Mersin İdman Yurdu” klubuna icarəyə verib 18 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.