Rummenigge: “Qızıl top”u Keynin qazanmasını istəyirəm”

“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynz Rummenigge “Qızıl top” mükafatının təqdimetmə mərasimi ilə bağlı gözləntilərini bölüşüb.

Arena.az xəbər verir ki, o, bu dəfə nüfuzlu mükafatı Almaniya nəhənginin hücumçusu Harri Keynin qazanmasını arzuladığını bildirib:

“Bayern” tarixində bu mükafata layiq görülmüş sonuncu futbolçu mən olmuşam. Təbii ki, yaxın gələcəkdə klubumuzun başqa bir nümayəndəsinin də bu ənənəni davam etdirməsini səmimi-qəlbdən istəyirəm. Münhen təmsilçisi üçün belə bir uğur böyük və xüsusi əhəmiyyət daşıyardı.

Səsvermədə əsas və həlledici meyar həmişə fərdi göstəricilər olub. Bu baxımdan Harri Keynin rəqibləri üzərində ciddi üstünlüyü var. Onun möhtəşəm məhsuldarlığı, vurduğu qollar və qazandığı titullar hər şeyi deyir”.

Qeyd edək ki, Karl-Haynz Rummenigge futbolçu karyerası ərzində iki dəfə – 1980 və 1981-ci illərdə “Qızıl top” mükafatını qazanıb.

Harri Keyn isə ötən mövsüm “Bayern”in heyətində bütün turnirlər üzrə 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Qızıl top” mükafatının 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: