“Turan Tovuz”un kamerunlu hücumçusu Runi Eva futbol üzrə Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb. Arena.az xəbər verir ki, o, 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.
26 yaşlı futbolçu Azərbaycan çempionatının cari mövsümündə 12-ci dəfə fərqlənib. O, son olaraq 29-cu turda “Şamaxı” ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.
Afrika təmsilçisinin daha çox qol vurması sonuncu dəfə 2014/15 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.
Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.
Mövsümün başa çatmasına hələ 7 tur qaldığını nəzərə alaq, Runi üçün öz göstəricisini daha da yaxşılaşdırmaq baxımından əla fürsət var.
Xatırladaq ki, Runi Eva bu mövsümün əvvəlindən – 2022-ci ilin avqustundan “Turan Tovuz”un uğurları üçün çalışır. O, Tovuz təmsilçisində bütövlükdə 29 matça çıxıb. Hücumçu vurduğu 13 qolla yanaşı, 4 məhsuldar ötürmə müəllifi də olub.