Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turunun “Neftçi” ilə ev oyunu “Turan Tovuz” və hücumçusu Runi Eva üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Premyer Liqada ilk böyükhesablı qələbəsini qazanıb.
Debütantın ilk uğuru 33-cü tura təsadüf edib. Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qola imza atıb.
Bu görüşdə 3 qola imza atan Runi Eva isə het-trik müəllifi olub. O, “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trik edən futbolçu kimi düşüb.
Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.
Xatırladaq ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə 15-ci turun qarşılaşmasında het-trik edib.
Tovuz təmsilçisi bu mövsüm Premyer Liqada keçirdiyi 33 oyunda 35 xal toplayıb və 10 iştirakçı arasında altıncı pillədə qərarlaşıb.
Runi Eva isə bu mövsümün əvvəlindən formasını geyindiyi “Turan Tovuz”da 34 oyuna çıxıb. 26 yaşlı forvard bu görüşlərdə 16 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Apeyes Akademiya”, “Ksanya”, “Veriya”, “Asteras”, “Trikala”, “Aytitos Spata, “Əlcəzair”, “Kaaiskakis”, “Apollon Pont” kimi komandalarda da oynayıb.