Rusiya aparıcı şahmatçılarını itirməkdən narahat deyil?

Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçov rus şahmatçıların idman vətəndaşlığını dəyişməsinə münasibət bildirib.

Arena.az bu barədə “Championat” portalına istinadən məlumat verir:

“Bilirsiniz, mən vətəndaşlıq dəyişikliyi ilə bağlı ətraflı şərh vermək istəməzdim. Sabah bütün bünların bitəcəyini deyə bilərəm. Eynən. İzah edim ki, FIDE əvvəlcədən razılıq və təzminat olmadan keçidə icazə verib. Sabah belə keçidlər üçün son tarix başa çatacaq (31 Avqust – redaktorun qeydi). Burada hər kəsin öz tarixçəsi var.

Bircə onu deyə bilərəm ki, bunlar getdi, başqaları gələcəklər. Bizim çox yaxşı şahmat məktəbimiz var, nəinki sadəcə şahmatla məşğul olan, ümumrusiya miqyasında keçirilən turnirlərdə oynayan çoxlu uşaqlar var. Bu il onlar keçən illə müqayisədə bir yarım, hətta iki dəfə çoxdurlar. Moskvada Uşaq Kubokunda 632 nəfər, Sverdlovsk vilayətinin birinciliyində isə 450 uşaq iştirak edirdi. Heç bir faciə yoxdur, hər kəs özü üçün qərar verir”, deyə Aleksandr Tkaçov vəziyyəti təlaşsız və ümidlə qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin əvvəlində Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının (FŞR) Asiya təşkilatına keçməsindən sonra, sürətləndirilmiş proqram çərçivəsində rusiyalı oyunçulara idman vətəndaşlığını dəyişməyə icazə verib.

Rusiyalı qrosmeysterlərdən Daniil Yuffa İspaniya, Qriqori Oparin ABŞ, Vladimir Fedoseyev və Anton Demçenko Sloveniya, Kirill Alekseyenko Avstriya, Aleksey Sarana və Aleksandr Predke Serbiya, Aleksandr Motılyov Rumıniya, Sənan Syuqirov Macarıstan bayrağı altına keçiblər. Ötən günlərdə isə Nikita Vityuqov İngiltərəni təmsil etmək qərarını verib.