Rusiya Premyer Liqası PSJ-nin argentinalı hücumçusu Lionel Messinin klubu tərk edəcəyi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.
Arena.az xəbər verir ki, bu barədə RPL-in sosial şəbəkə hesabında maraqlı paylaşım edilib:
“Bizim Leo üçün əla seçimimiz var: Martsel Liçkanın rəhbərlik etdiyi, RPL-in ən argentinapərəst klubu təkliflərə açıqdır”, deyə RPL sosial şəbəkədə baş məşqçi Liçka və Lionel Messi arasında mümkün əlsıxmanın fotosunu yerləşdirərək yazıb.
Xatırladaq ki, “Orenburq”un heyətində Argentina pasportu olan dörd futbolçu var: Matias Peres, Lukas Vera, Qabriel Florentin və Brayan Mansilya.
Bir müddət əvvəl PSJ-nin baş məşqçisi Kristof Qaltye Messinin “Park de Prens”də son oyununa çıxacağını bildirmişdi. Sonradan məlum oldu ki, Qaltye cari mövsümü nəzərdə tuturmuş.
“Orenburq”a gəlincə, ortabab klub Rusiya çempionatında səkkizinci yerdə qərarlaşıb.
