Rusiya Super Kubokunun qalibi bəlli oldu – VİDEO

Futbol üzrə Rusiya Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Zenit”lə Rusiya kubokunun qalibi “Lokomotiv” (Moskva) qarşılaşıb.

Kalininqradda təşkil olunmuş həlledici matçda “Zenit” qalib gəlib. Sankt-Peterburq təmsilçisi rəqibini darmadağın edib – 3:0.

Beləliklə, “Zenit” tarixində 6-cı dəfə Rusiya Super Kubokunun qalibi adını qazanıb. Bu komanda daha öncə 2008, 2011, 2015, 2016 və 2020-ci illərdə də Super Kuboku başı üzərinə qaldırmışdı. “Zenit” 2012, 2013 və 2019-cu illərdə keçirilmiş Super Kubok matçlarında da məğlubiyyətlə üzləşib.

Moskva “Lokomotiv”i isə altıncı dəfə Super Kubok görüşündən məğlub ayrılıb. Paytaxt təmsilçisi cəmi 3 dəfə (2003, 2005 və 2019-cu illərdə) bu titula yiyələnə bilib.

Rusiya Super Kubokunda ən çox qalib gəlmiş komanda isə Moskvanın digər təmsilçisi ÇSKA-dır – 7 dəfə.