Ruslan Abışov “Turan Tovuz”da – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ruslan Abışov bundan sonra “Turan Tovuz”da məşqçi kimi çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc məşqçi ilə 1 illik müqavilə imzalanıb. Milli komandamızın keçmiş üzvü “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin məşqçilər korpusunda yer alacaq.

Xatırladaq ki, 36 yaşlı mütəxəssis 2013-cü ildə Kurban Berdıyevin rəhbərliyi altında “Rubin”də (Rusiya, Kazan) çıxış edib.

Ruslan Abışov futbolçu karyerasını ötən ilin oktyabr ayında bitirdiyini elan edib. O, 2021-ci ilin iyul ayından “Zirə”nin formasını geyinirdi. Təcrübəli oyunçu bu komandada cəmi 4 matça çıxıb və daha çox ehtiyatda qalıb.

Abışov karyerası ərzində “Neftçi” (107 oyun, 12 qol, 1 assist), “Qəbələ” (48 oyun, 4 qol), “Xəzər Lənkəran” (21 oyun, 2 qol, 1 assist), “Sabah” (13 oyun), “İnter” (indiki “Şamaxı”, 12 oyun, 5 qol, 1 assist) kimi klublarda da forma geyinib. O, Rusiyada legioner həyatı da yaşayıb. Millimizin sabiq üzvü Kazan təmsilçisi “Rubin”də 6 oyun keçirib.

Abışov Azərbaycan milli komandasında da 59 oyun keçirib, 4 qola imza atıb.