Ruslan Hacıyev: “Legioner həyatı yaşamaq istəyirəm”

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümü bitən kimi “Səbail”dən ayrılan Ruslan Hacıyev karyerasını ölkə xaricində davam etdirə bilər.

Bu barədə Arena.az saytına açıqlamasında 25 yaşlı sağ cinah vingeri özü məlumat verib.

Futbolçu öncə “Səbail”dən ayrılmasının səbəbini izah edib. O, paytaxt klubundan maddi məsələlərdə razılığa gələ bilmədikləri üçün ayrıldığını açıqlayıb. “Dənizçilər” ona ayda 3500 manat maaş təklif etsələr də, futbolçu bununla razılaşmayıb. Bu üzdən də 2024-cü ilə qədər nəzərdə tutulmuş müqavilənin qüvvəyə minməmiş hissəsi ləğv olunub.

Hacıyev hazırda yeni klub axtarışındadır. O, karyerasını Türkiyədə davam etdirməsinin mümkünlüyünü də qeyd edib:

“Hazırda bir neçə klubdan təklif var. Danışıqlar gedir. Amma mən özüm yeni məcara axtarmaq qərarına gəlmişəm. Legioner həyatı yaşamaq istəyirəm. Türkiyə klubları ilə menecerim təmasdadır. Son qərarımı istirahətdən sonra verəcəyəm”.

Xatırladaq ki, Ruslan Hacıyev “Qarabağ”ın yetirməsidir. O, peşəkar karyerasına 2019-cu ildən cəlb olunduğu “Səbail”də başlayıb. Paytaxt klubu daha öncə bu futbolçunu icarəyə götürürdü. 2022-ci ilin yayında isə yarımmüdafiəçi ilə tamhüquqlu 2 illik müqavilə imzalanmışdı. O, paytaxt klubunun heyətində bütövlükdə 75 matça çıxıb, 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Geridə qalan mövsümdə isə isə sağ cinah vingeri Premyer Liqada 22 (2 qol, 3 asist), Azərbaycan kubokunda 2 (1 məhsuldar ötürmə) oyun keçirib.

Ruslanın təklif aldığı klublardan birinin “Araz Naxçıvan” olduğunu hələ bir müddət öncə xəbər vermişdik. Azad agent statusuna malik futbolçunun yekun qərarının necə olacağı maraqla gözlənilir.

Xəbəri istədiklərinizlə paylaşın