Ruslan Hacıyev “Səbail”dən ayrıldı: “Araz Naxçıvan”a yol göründü

2022/2023 mövsümü bitən kimi heyətlə bağlı islahatlara başlamış “Səbail” yarımmüdafiəçisi Ruslan Hacıyev haqqında da qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, “dənizçilər” 25 yaşlı futbolçu ilə yolları ayırmağa qərar veriblər.

Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Halbuki, futbolçunun paytaxt klubu ilə 2024-cü ilin yayına kimi müqaviləsi var idi.

Xatırladaq ki, Ruslan Hacıyev “Qarabağ”ın yetirməsidir. Lakin o, peşəkar karyerasına 2019-cu ildən cəlb olunduğu “Səbail”də başlayıb. Paytaxt klubu daha öncə onu icarəyə götürürdü. 2022-ci ilin yayında isə yarımmüdafiəçi ilə tamhüquqlu 2 illik müqavilə imzalanmışdı. O, paytaxt klubunun heyətində bütövlükdə 75 matça çıxıb, 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Geridə qalan mövsümdə isə isə sağ cinah vingeri Premyer Liqada 22 (2 qol, 3 asist), Azərbaycan kubokunda 2 (1 məhsuldar ötürmə) oyun keçirib.

Ruslanın karyerasını “Araz Naxçıvan”da davam etdirməsi gözlənilir. Bir müddət öncə Premyer Liqaya yüksələn Naxçıvan təmsilçisinin Hacıyevin xidmətində maraqlı olduğu barədə xəbər yazmışdıq. “Səbail”dən ayrılması futbolçunun “Araz Naxçıvan”a yolunu açmış oldu.

“Səbail” Ruslan Hacıyevdən öncə Luvaqa Kizito, Qustavo de Fransa, Qoba Zakpa və Franko Mazureklə də vidalaşmışdı. Onlarla müddəti bitən müqavilələrin yenilənməsinə ehtiyac duyulmamışdı.