“Səbail”in yarımmüdafiəçisi Ruslan Hacıyev növbəti mövsümdən karyerasını “Araz Naxçıvan”da davam etdirə bilər. Arena.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqaya vəsiqə qazanan Naxçıvan təmsilçisinin elitada heyətində görmək istədiyi oyunçular arasında 24 yaşlı futbolçu da var.
“Araz Naxçıvan”nin baş məşqçisi Azər Bağırov onun çıxışını bəyənir. Muxtar respublika təmsilçisi növbəti mövsümdən elitada çıxış edəcəyi tam dəqiqləşdikdən sonra Ruslanın transferi üçün bütün gücünü səfərbər edəcək.
Lakin Ruslanın “Səbail”lə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Eyni zamanda yarımmüdafiəçinin xidmətində maraqlı olan başqa klublar da var. Bu üzdən Hacıyev yayda alacağı təkliflər arasında seçim etməli olacaq.
Xatırladaq ki, Ruslan Hacıyev “Qarabağ”ın yetirməsidir. Lakin o, peşəkar karyerasına 2019-cu ildən cəlb olunduğu “Səbail”də başlayıb. Paytaxt klubu daha öncə onu icarəyə götürürdü. 2022-ci ilin yayında isə yarımmüdafiəçi ilə tamhüquqlu 2 illik müqavilə imzalanıb. O, paytaxt klubunun heyətində bütövlükdə 73 matça çıxıb, 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm isə sağ cinah vingeri Premyer Liqada 20 (2 qol, 3 asist), Azərbaycan kubokunda 2 (1 məhsuldar ötürmə) oyun keçirib.