Ukraynanın gənclərdən ibarət yığmasına rəhbərlik edən Ruslan Rotan bu ölkənin əsas milli komandasına müvəqqəti baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ruslan Rotan bu komandaya yeni baş məşqçi təyin olunana qədər milliyə rəhbərlik edəcək. Ukrayna yığmasının yeni baş məşqçisi isə Sergey Rebrov olacaq. Assosiasiya Sergey Rebrovla müqavilə imzalanana qədər komandanı 42 yaşlı mütəxəssisə həvalə edib. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna başçılıq edən Rebrov oradan ayrıldıqdan sonra millinin sükanı arxasına keçəcək. Onun müqaviləsinin müddəti 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna (30 iyul) qədər artırılmaq şərti ilə 2024-cü ilin 30 iyulunadək nəzərdə tutulub.
Sergey Rebrov 2021-ci ilin iyun ayından “Əl-Əyn”ə rəhbərlik edir. O, bu komandanı indiyə kimi 55 oyuna çıxarıb. BƏƏ klubu bu oyunlarda 35 qələbəyə sevinib, 14 heç-heçə edib və cəmi 6 görüşdə məğlubiyyətlə üzləşib. Məşqçiliyə Kiyev “Dinamo”sunda köməkçi kimi başlamış Rebrov, 2010-2011-ci illərdə Ukrayna yığmasında da asistent kimi fəaliyyət göstərib. O, “Əl-Əyn”dən öncə “Ferentsvaroş”, “Əl-Əhli” və “Dinamo”nun (Kiyev) da baş məşqçisi olub.
Xatırladaq ki, Ukrayna millisinin əvvəlki baş məşqçisi Aleksandr Petrakov 2023-cü ilin yanvarında istefa verib. O, bu komandadan ayrılandan sonra Ermənistan yığmasının baş məşqçisi təyin olunub.


