“Zirə”nin mərkəz hücumçusu Rüstəm Əhmədzadə futbol üzrə Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Belə ki, millimizin futbolçusu Rüstəm Əhmədzadə klubu “Zirə”nin heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.
Qeyd edək ki, Rüstəm bu gün Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində məhz “Qarabağ”a qarşı keçirdikləri səfər oyununda ağır zədə alıb. Fasilədən dərhal sonra meydana buraxılmış 23 yaşlı forvard epizodların birində əzələsini dartdığı üçün 77-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
Qarşılaşmadan dərhal sonra AFFA Əhmədzadənin yığmanın heyətindən çıxarıldığını açıqlayıb. Millimizin məşqçilər heyəti Rüstəmin əvəzində “Qarabağ”ın hücumçusu Musa Qurbanlıya dəvət göndərib. Hansı ki, Musa “Zirə” ilə görüşdə 75 dəqiqə meydanda olub.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığmasını qəbul edəcək. Noyabrın 19-da isə yığmamızı səfərdə İsveç seçməsi ilə qarşılaşma gözləyir.
Sonda onu da xatırladaq ki, Rüstəm Əhmədzadə “Zirə”də icarə əsasında çıxış edir. Hücumçu müqavilə ilə məhz “Qarabağ”a məxsusdur. Əhmədzadə “Zirə”nin heyətində 83 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Onun “Qarabağ” karyerası isə fərqlənə bilmədiyi 8 oyundan ibarətdir.
Rüstəm 2021-ci ilin iyun ayında debüt etdiyi Azərbaycan yığmasının heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.