“Sabah”ın gənc qapıçısı Rüstəm Samiqullin bundan sonra Premyer Liqanın digər təmsilçisi “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Neftçi” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycanın U-21 milli komandasının da üzvü olan Rüstəm “Sabah”dan 1 il müddətinə icarəyə götürülüb. 21 yaşlı qapıçı yeni komandasında 30 nömrəli formanı geyinəcək.
Rüstəm Samiqullin “Sabah”a 2020-ci ilin yanvarında “Stroqino”dan transfer olunub. 21 yaşlı qolkiper paytaxt klubunun əsas komandasında cəmi 5 oyuna çıxıb, 6 qol buraxıb, 1 “quru” matçı olub.
Samiqullin 2021-ci ildən dəvət aldığı U-21 yığmamızın heyətində 7 oyun keçirib.
Yeri gəlmişkən, “Neftçi” yetirməsi İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini 2026-cı ilə qədər artırıb. Ardınca gənc futbolçu bu mövsümün sonunadək “Turan Tovuz” klubuna icarəyə göndərilib.
Qeyd edək ki, “ağ-qaralar”ın heyətində 5 mövsüm ərzində meydana çıxdığı 67 oyunda 4 qolun müəllifi olan Zülfüqarlı ötən mövsümün ikinci yarısını da icarə əsasında “Turan Tovuz”da keçirmişdi.
İsmayıl Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb.
Xatırladaq ki, “Neftçi” Samiqullindən öncə Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Robert Bauer (“Əl-Tai”, Səudiyyə Ərəbistanı) və Andrey Ştoqrini (“Çernomorets”, Ukrayna) də heyətinə qatmışdı.
Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber, İvan Brkiç və Dieqo Valdes isə paytaxt klubunu tərk ediblər.
