Rüstəmov də Afrika çempionatının qalibi oldu

Ağır atletika üzrə Azərbaycan milli komandasının üzvü İsa Rüstəmov Tunisdə keçirilən Afrika çempionatında qızıl medal qazanıb. Arena.az xəbər verir ki, mayın 11-də start götürmüş sayca 33-cü Afrika çempionatı ayın 18-nə qədər davam edəcək.

Tunisin paytaxtı Tunis şəhərində keçirilən qitə çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan daha biri – İsa Rüstəmov da körpücük üzərinə çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb.

İsa birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırma hərəkətində 164 kq çəkini başı üzərinə qaldırıb. Atletimiz toplam 302 kq (138+164) nəticə göstərib. Bu nəticə ilə o, həm birdən, həm təkanla qaldırma hərəkətləri, həmçinin toplamda rəqiblərini üstələyib.

Xatırladaq ki, Azərbaycan yığma komandasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası da bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq. Onların əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.

Azərbaycan yığma komandası Afrika çempionatına üç idmançı ilə yollanıb. Daha öncə Nazilə İsmayılova bu yarışda qüvvəsini sınamışdı. 45 kq çəki dərəcəsində mübarizə aparan xanım atletimiz də uğurlu çıxışla yadda qalmışdı. O, birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram etmişdi. Beləcə, Nazilə toplam 132 kq (60+72) nəticəyə imza atmışdı. O, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olmuşdu.

Afrika çempionatında daha bir atletimiz – Ömər Cavadov (73 kq) da qüvvəsini sınayacaq.