“Səbail” 50-ci, “Zirə” 100-cü qələbəsini qazandı

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turu “Səbail” və “Zirə” komandaları üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Premyer Liqanın 31-ci turunda “Araz-Naxçıvan”ın qonağı olan “Səbail” yubiley qələbəsini qazanıb.

Bakı klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 50-ci dəfə üç xal qazanıb. Şahin Diniyevin yetirmələri səfərdə iki cavabsız qola seviniblər.

“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadır.

Qeyd edək ki, “Səbail” ilk qalibiyyətini 2017/2018 mövsümündə əldə edib. 2017-ci il avqustun 19-da “Neftçi”ni qəbul edən debütant 1:0 hesabı ilə qələbə qazanıb.

“Zirə” isə Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü qələbəsini qazanıb. Bu, Rəşad Sadıqovun yetirmələri Premyer Liqanın 31-ci turuna təsadüf edən Bakı derbisində “Neftçi”yə qalib gəliblər – 3:1.

Premyer Liqada 2015-ci ildə debüt edən qəsəbə klubu 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər.

“Zirə” ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib – 1:0.

Xatırladaq ki, zirəlilər Premyer Liqanın 31 turundan sonra 49 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. “Səbail” isə 42 xalla 6-cı sırada yer alıb. Turnir cədvəlinə çempionluğu bir neçə tur öncə təmin etmiş “Qarabağ” başçılıq edir – 73 xal.