“Səbail” Antalyadakı ilk sınağında Rumıniya klubu ilə “sülh bağladı”

Türkiyənin Antalyada şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Şahin Diniyevin komandası Rumıniya təmsilçisi “Universitatya” (Kluj) ilə qarşılaşıb.

“Universitatya” Rumıniya Super Liqasında bu mövsüm 29 xalla 8-ci pillədə qərarlaşıb. “Dənizçilər” bu rəqiblə oyundan qolsuz heç-heçə ilə ayrılıblar – 0:0.

Baş məşqçi Kluj təmsilçisi ilə oyunda bu heyətə güvənib: Hüseynəli Quliyev, Silven Deslandes, Adi Mehremiç, Adil Nağıyev (k), Bahadur Həziyev, Rüfət Abdullazadə, Rafael Məhərrəmli, Anas Najah, Pedro Nuno, Yusif Nəbiyev, Aleksandr Ramalinqom.
Bu oyunçular isə matçın ilk hissəsini ehtiyat oyunçular skamyasında keçiriblər: Nicat Məmmədzadə, Cabir Əmirli, Vüqar Həsənov, Samir Abdullayev, Yadin Luqasi.

Xatırladaq ki, “Səbail” Türkiyədəki ikinci yoxlama matçında “Fakel”lə qarşılaşacaq. Rusiya Premyer Liqa təmsilçisi ilə görüş yanvarın 15-də baş tutacaq.