“Səbail” “Fakel”ə məğlub oldu

2023/2024 mövsümünün qalan hissəsinə Türkəyədə hazırlaşan “Səbail” bu gün qış təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komanda Rusiya Premyer Liqası təmsilçisi “Fakel”lə qarşılaşıb.

Baş məşqçi Şahin Diniyev Rusiya təmsilçisi ilə oyunda bu heyətə güvənib: 12. Hüseynəli Quliyev, 4. Adi Mehremiç, 5. Adil Nağıyev (k), 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 21. Anas Najah, 27. Pedro Nuno, 74. Yusif Nəbiyev.
Bu oyunçular isə matçın ilk hissəsini ehtiyat oyunçular skamyasında keçiriblər: 25. Nicat Məmmədzadə, 3. Silven Deslandes, 6. Cabir Əmirli, 44. Yadin Luqasi, 88. Pana, 90. Aleksandr Ramalinqom.

“Miracle Resort” hotelinin idman mərkəzində keçirilən matç Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Rusiya klubu yekunda 1:0 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, “Səbail” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu Rumıniyanın “Universitatya” (Kluj) komandasına qarşı keçirmişdi. Həmin oyunda hesab açılmamışdı – 0:0.