“Səbail” Nihad Qurbanlını icarəyə götürdü

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Neftçi”dən müdafiəçi Nihad Qurbanlını heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Dənizçilər” 21 yaşlı oyunçunu icarəyə götürüblər. Gənc futbolçu ilə 2022/23 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Nihad Qurbanlı “Neftçi”nin öz yetirməsidir. O, paytaxt klubunun əvəzedici komandasında forma geyinirdi. “Səbail”in baş məşqçisi Mahmud Qurbanov daha öncə məhz bu komandanı çalışdırdığı üçün, Nihadı yaxından tanıyır. Qurbanlı Azərbaycanın U-21 yığmasının da üzvüdür.

“Səbail” bu yay Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov, Rafael Məhərrəmli, Emil Balayev, Samir Abdullayev və Mirabdulla Abbasov kimi yerli oyunçuları da heyətinə qatmışdı. Sözügedən klub həmçinin Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de Fransa, Franko Mazurek, Fakundo Kardozo, Maksim Çex və Petro Stasyuku da transfer edib. “Dənizçilər”də Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə yeni müqavilə imzalanıb. Rəşad Əzizli, Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Rauf Əliyev, Mirsahib Abbasov, Məhəmməd Mirzəbəyov komandadan ayrılıb. Adil Nağıyev isə “Şamaxı”ya icarəyə verilib.