Premyer Liqanın 22-ci turunda “Qəbələ” ilə qarşılaşan “Səbail” doğma meydanda 3:0 hesablı qələbəyə sevindi. Arena.az xəbər verir ki, “dənizçilər”in bu matçdakı üçüncü qolu ikiqat yubileylə əlamətdar olub.
Bu topa İbrahim Aslanlı imza atıb. Onun 73-cü dəqiqədə vurduğu qol klub tarixinə Premyer Liqada ümumilikdə 100-cü, evdə 50-ci qol kimi düşüb. Paytaxt təmsilçisi “100”ə 126-cı oyunda çatıb. Evdəki 50-ci topu 64-cü matçına təsadüf edən bakılılar digər 50 qolu səfərdə vurub.
3:0 hesabı ilə qalib gələn “Səbail” 6 oyunluq məğlubiyyət və 13 matçlıq qələbəsizlik seriyalarına da son qoyub. Aftandil Hacıyevin yetirmələri sonuncu dəfə ötən il oktyabrın 25-də üç xal qazanmışdı. 167 gün əvvəl paytaxt təmsilçisi “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etmişdi.
Bu qələbə Hacıyevin baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Onun rəhbərliyi altında ümumilikdə 110-cu oyuna çıxan “Səbail” 30-cu dəfə qalib gəlib.


