“Səbail” Qoba Zakpanı da transfer etdi

“Səbail” heyətinə daha bir legioner futbolçu cəlb edib. Arena.az xəbər verir ki, paytaxt klubu Fil Dişi Sahilindən olan hücumçu Qoba Zakpanı transfer edib.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qoba Zakpa karyerası ərzində “Rio Ave”, “Qondomar”, “Epinal”, “Valensiyano”, “Santa Mariya”, “Jil Visente”, “Felqueyras”, “Lusitaniya” kimi klublarda forma geyinib. Onun son iş yeri Kiprin “Etnikos” (Axna) komandası olub. Forvard 2020-ci ildən bu klubda çıxış edirdi.

“Səbail” buna qədər Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli və Emil Martinovu transfer etmişdi. Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə isə yeni müqavilə imzalanıb. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyevlə yollar ayrılıb.