“Səbail” rəsmən açıqladı – Turan Manafov sərbəst qaldı

Premyer Liqada mövsüm bitən kimi heyətlə bağlı ciddi islahatlara başlayan “Səbail”də sol cinah müdafiəçisi Turan Manafov da klubu tərk edib.

Arena.az xəbər verir ki, artıq paytaxt klubu bu ayrılığı da rəsmən açıqlyıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, rəhbərlik Turan Manafovla yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

“Dənizçilər” Turana xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıblar.

Xatırldaq ki, Turan Manafovun 2019-cu ilin yayından formasını geyindiyi “Səbail”i tərk etməsinə klubla maddi məsələlərdə razılığa gələ bilməməsi səbəb olub. Hansı ki, daha öncə bu barədə ətraflı məlumat vermişdik. Üstəlik, müdafiəçi Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor”dan təklif alıb. Onun karyerasını harada davam etdirəcəyi hələ bəlli deyil.

Turan Manafov “Səbail”də indiyə qədər 79 oyun keçirib. 24 yaşlı müdafiəçi bu görüşlərdə 3 qol və 2 məhsuldar ötürmə müəllifi də olub. Geridə qalan mövsümdə Premyer Liqada 17 oyun keçirmiş futbolçu kubokda da 1 görüşə çıxıb.

Ötən il “Səbail”dən icarə əsasında Yunanıstanın “Olimpiakos” (Volos) klubuna keçən Turanın legioner həyatı uğursuz alındığı üçün o, “dənizçilər”in düşərgəsinə qayıtmaq məcburiyyətində qalmışdı. Manafov “Səbail”dən öncə “Sumqayıt” və “Zaqatala”da da oynayıb. Azərbaycanın U-21 yığmasında 8 oyun keçirmiş futbolçu əsas millidə debüt şansı qazanmayıb.

“Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov və Nihad Qurbanlı ilə də yollarını ayırmışdı. Paytaxt klubu hələlik yalnız Vüqar Həsənovla yeni müqavilə imzalandığını açıqlayıb. Həmçinin Yusif Nəbiyev (“Kəpəz”), Süleyman Əhmədov və Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”) bu komandaya cəlb olunub.