“Səbail” heyətinə daha bir yeni legioner futbolçu cəlb edib. Arena.az xəbər verir ki, paytaxt klubu argentinalı müdafiəçi Fakundo Omar Kardozonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiənin həm mərkəzində, həm də solunda oynaya bilən 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Fakundo Kardozo peşəkar karyerasına Argentinanın “Veles Sarsfild” klubunda başlayıb. Futbol öz ölkəsində “Arsenal de Sarandi” və “Atletiko Oll Boys” klublarının da formasını geyinib. O, Boliviyanın “Bolivar”, Hindistanın “Mumbay Siti”, Meksikanın “Alebrixes de Oaxaka” və Çilinin “Kokimbo Unido” komandalarında legioner həyatı yaşayıb. 2021-ci ildən isə müdafiəçi Argentinanın “Platense” klubunda çıxış edirdi. Vaxtilə “Veles Sarsfild”in heyətində Argentina Super Kubokunun qalibi olmuş Kardozo, ölkəsinin U-20 yığmasında da forma geyinib.
“Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de França və Franko Mazurek kimi legionerlərlə də müqavilə bağlamışdı. Yerli futbolçulardan isə Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov, Rafael Məhərrəmli və Emil Balayev bu kluba transfer olunub. Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov isə bu komandadan ayrılıb. Əvəzində Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə yeni müqavilə imzalanıb.


